top of page

Bəhai Fondunun qüdsiyyətinə ithaf Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təqdim olunur

9. Mənim Ənənəvi Mirasım

və Mənim Zərfim

...Fonda ianə vermək, Həzrət Bəhaullahı qəbul etməmiş insanlara açıq olmayan bir ruhani imtiyazdır ki, heç bir inanan bundan imtina etməməlidir. Bu, eyni zamanda həm məsuliyyət, həm də iltifat mənbəyidir.

—Ümumdünya Ədalət Evi

 

... İnananlar heç bir halda Əmrin xüsusi inzibati fəaliyyətləri ilə bağlı istifadə üçün qeyri-bəhailərdən maliyyə yardımı almamalıdırlar...  çünki Bəhailərin tədricən qurduqları təsisatlar Həzrət Bəhaullahın dünyaya bəxşişləri təbiətinə malikdir ...

—Həzrət Şövqi Əfəndi

 

“Çağlayan Çeşmə”nin son buraxılışında Bəhai fonduna ianə “hər bir bəhai üçün təyin edilmiş nadir imtiyaz” kimi nəzərdən keçirilmişdir. “İmtiyaz” sözü təhlil edilmiş və Bəhai fonduna ianələrin nəyə görə yalnız “Həzrət Bəhaullahı qəbul etmiş kəslərdən” daxil ola bilməsi barədə fikirlər söylənmişdir. “Hər bir bəhai üçün təyin edilmiş bu imtiyaz” mövzusunda Müqəddəs Yazıların oxunması öz ruhani səyahətimizdə inadla irəliləməkdə və Allah yolunda səxavətlə və fədakarlıqla ianə verməkdə bizə kömək etməlidir, lakin bu heç də həmişə belə deyildir.

 

Biz nədən qorxuruq? Bəs bu qorxu haradan qaynaqlanır? Nəyə görə biz bəhailər ianə verməkdə gecikirik? Bizə öz maddi dəyərlərimizi cəsarət və səxavətlə bölüşməkdə mane olan nədir? Mənim təcrübəmdə başımda nəsə bir şey pıçıldayırdı: “Gəl gözləyək və görək sonra nə olur! Biz həmişə gələn dəfə verə bilərik! Gəl baxaq görək Fondun pula həqiqətən ehtiyacı varmı,  o zaman biz öz ianəmizi verə bilərik!” Bu fikirlər mənim əl-qolumu bağlayırdı; mənim əllərim hətta cibimə doğru uzanmırdı. Yadımdadır ki, bir il bu cür buxovlanma məni 16 bəhai ayı ərzində tutub saxladı və bir də ayıldım ki, xəzinədarımız artıq Novruzdan danışır!

Bizə ilahi köməyin zəmanət verildiyi bu vacib ruhani yola düşməkdə mane olan psixoloji əngəllər hansılar idi? Bu əngəllər haradan çıxmışdır? Mənim şəxsi həyatımdan? Mənim emosiyalarımdan? Mənim düşüncəmdən? Mənim mədəniyyətimdən? Bəlkə mən onları əcdadlarımdan miras almışam? Təbii ki, bizim hər birimiz öz psixi tutulmalarımız barədə düşünməli və nəyin bizim qəlbimizi səxavətlilik imtiyazına aça biləcəyini aydınlaşdırmalıyıq. 

Bizim köklərimizdə miras qalmış mədəni və əqli realizm

 

“Çağlayan Çeşmə”nin ötən buraxılışında artıq müzakirə edildiyi kimi, Həzrət Bəhaullah Allah yolunda ianə anlayışının mahiyyətini birdəfəlik dəyişmişdir. Bizim əcdadlarımızdan “ianə vermək” istənilirdi, bizdən isə “səxavətlə və fədakarlıqla ianə vermək” istənilir. Bu bizim uşaqlıqdan yeniyetməliyə doğru sosial təkamülümüzü nümayiş etdirən mühüm irəliləyişdir. Bu yeni erada bəhai olmuş hər bir kəs keçmişin ənənələrindən azad olmaq və bu Yeni Dünya Nizamının prinsiplərinə qoşulmaq üçün bütün səylərini qoymalıdır. 

Allah yolunda öz ianələrini verdikləri zaman inananlara səxavətli olmağa mane olan psixoloji əngəllərdən biri onların ənənəvi “nəzir qutusu” mentaliteti çərçivələrində qalmalarıdır. “Nəzir” ianə, xeyriyyəçilik və ya sədəqə deməkdir. Yüzilliklər ərzində xırda pul yeşikləri, vəsaitlərin toplanması üçün qutular və digər analoji yeşiklər dünya dinlərinə ianələr yığmaqda kömək etmişdir. Sənayeləşmə dövründə dünya xalqları regional bazarlar yaratdı və kənd təsərrüfatı öz yerini istehsalata verdi. Əhali gəlirlərini əskinazlarla almağa başladı və ianələr üçün qutular son dərəcə mühüm rol oynamağa başladı. Nəzir qutuları Azərbaycanda cəmiyyətə yaxşı xidmət etmişdilər. Yüzilliklər ərzində bizim sadiq qardaş və bacılarımız öz yerli dini institutlarına baş çəkir və öz ianələrini qutunun içinə atırdılar. Lakin bu, öz əsl ruhani cəhətlərini itirmiş mənasız ənənəyə çevrildi.

 

Biz bəhailər qəlblərimizə həkk edilmiş dərin mədəni irsə hörmətlə yanaşırıq, lakin həmçinin öz ruhani səyahətimizdə yeni üfüqlərin axtarışı üçün inkişaf edirik. “Nəzir qutusunun” kökləri əslində daha dərin olan “nəzir vermə” mədəniyyətinə gedib çıxır. Bizim əcdadların dövründə Allah yolunda qurban vermək istəyən kəslər ürəklərində məqsədli arzu (niyyət) tutar, yemək və ya şirniyyat şəklində qurban hazırlayar, onu kiçik hissələrə bölər və öz qonşuluğunda dolanaraq hər bir qapını döyüb son dərəcə itaətkarlıqla dostlara, ailələrə, yoxsullara və xəstələrə xeyir-dua arzu edərdilər.

 

Bu cür “nəzir vermə” zamanı nəziri verən ailə yemək hazırlamaq və çox vaxt özlərinin ən yaxşı libaslarını geyinməklə onu müstəsna zəriflik və ədəb-ərkanla paylamaq üçün bir neçə gün sərf edərdilər. Bəzən yemək məharətlə tərtib edilmiş qəşəng gümüş boşqablarda təqdim olunardı. Nəzir verməyə hazırlıq zamanı Azərbaycanda Allah tərəfindən nazil edilmiş müqəddəs ayələr oxumaq qəbul olunmuşdur. Ağsaqqallar qazanın ətrafında dəfələrlə dövrə vurar və sakitcə dualar oxuyardılar. Ailənin hər bir üzvü öz vaxtını, əməyini və malını tam səxavətli, fədakar və ehtiramlı münasibətlə verərək kömək edərdi. Bu cür nəzirlər Azərbaycanda həmişə çox mədəniyyətli olmuşdur, onlar hamı üçün - müsəlmanlar, ləzgilər, bəhailər, kürdlər, ermənilər və ruslar üçün eyni cür edilərdi. Azərbaycanlılar öz ianələrini ürəkdən hər bir evə verərdilər. Bu çox xoş bir ənənə idi və öz əcdadlarımızdan belə mədəni gözəllik miras almağımıza görə bizim bəxtimiz gətirmişdir. Əslində ailə öz icmasına sadəcə yemək deyil, Allahın sevgi və səxavətinin itaətkar sübutunu gətirirdi. Öz qəlbimin dərinliklərində mən hansısa bir şəkildə inanıram ki, əcdadlarımızın bu cür nəziri vermələrinin əsasında duran fəlsəfə Həzrət Bəhaullahın Allah yolunda ianələrə aid məsləhətinin ruhuna oxşardır. 

Bu cür nəzir növü hələ də bizim mədəniyyətdə mövcuddur və hamı ona hörmətlə yanaşır, lakin bu gün insanlar yemək ianələri təşkil etmək üçün çox məşğuldurlar və bir-birindən çox uzaq yaşayırlar. Mən hesab edirəm ki, bu cür ianələrin icmanın səxavətliliyinin və fədakarlığının əsası olduğu bir cəmiyyətdə doğulub boya-başa çatdığıma görə bəxtim gətirmişdir. Mən təsdiq edə bilərəm ki, nəzir ianələrinin mənim evimə və qəlbimə gətirdiyi sevgini hiss edirdim. Sevgi ilə verilən nəzir bizim daxilimizdəki ən yaxşı xüsusiyyətlərin üzə çıxmasına imkan vermişdir. Bu, səxavət nümayiş etdirməyin və qonşuluqda birlik və harmoniyaya gəlməyin əhəmiyyətli və sadə üsulu idi. Qapının zəngi çalınanda və kasa gətirilib çatdırılanda biz həyəcanla qapını açmağa qaçardıq. Nəziri verən ailə nur saçardı, itaətkarcasına sinini təqim edər, gülümsəyər və bizə bundan zövq almağı arzulardı. Bu xatirələr hətta üstündən onillər keçməsinə baxmayaraq hələ də sevinc göz yaşları gətirir.

 

Qoy bu nəzir ianələrini xatırlayan hər bir şüurlu azərbaycanlı bir dəqiqəsini ayırıb verən ailə ilə, alan ailə arasında mübadilənin xarakteri barədə düşünsün. Bu mübadilənin nağd pulların nəzir qutusuna düşməsindən fərqlənən xüsusiyyəti nə idi? Fərq sadədir: ianə insan qəlbini sevgi və səxavətin dərin ruhani təzahüründə təsir altına alır. İanə verməzdən əvvəl insanlar dərindən düşünür; onlar birgə səylər göstərir; və insanlar öhdəlikdən deyil, ehtiramdan irəli çıxaraq hərəkət edirlər.

 

Mən öz zərfimi Ruhani Məhfilin xəzinədarına verdikdə, kökləri əcdadlarımın nəzir verməsinə söykənən münasibəti əxz etmiş oluram. Mən öz diqqətimi şüurlu mübadiləyə və sevgi jestinə cəmləyirəm ki, bu da pulu mənasız şəkildə qutuya qoymaqdan tam fərqlənir. Təsəvvür edin ki, hər hansı bir ailə qalmış yeməyi gecə yarısı sizin evə gətirib onu giriş qapısının ağzında qoyaydı. Siz ianənin kim tərəfindən edildiyini bilməyəcəksiniz və o, sizin üçün fədakar görünməyəcəkdir. Bu, sizin qəlbinizi verənin qəlbi ilə birləşdirərmi? Bizim qonşular bizim evə nəzir gətirəndə biz bu bəxşişi aldığımızı təsdiq edirdik; bizim sevgi dolu qarşılıqlı əlaqəmiz öz adımızı zərfin üstündə yazıb onu xəzinədara verən və Ruhani Məhfildən qəbz alan zaman hiss etdiyimiz sevgini xatırladır. Düzgün münasibət zamanı bu, sevimli Tanrımızla mühüm qarşılıqlı əlaqə ola bilər. 

Bütün bəxşişlər və ianələr Ruhani Məhfilin Xəzinədarına verilməlidir ...

Həzrət Şövqi Əfəndi

Bakıdan olan cənab Ağafərəc Qasımovdan alınmış

3 (üç) ingilis Pond ianə barədə qəbz

Həzrət Əbdül-Bəha öz şəxsi xətti ilə hər bir ianə verən üçün qəbz yazırdı. Bu gün Ümumdünya Ədalət Evi bütün dünyadan olan ianə verənlər üçün təsdiq məktubu verir. Buna görə də ianə verənlə xəzinədar arasında bu cür əlaqənin qurulmasının bir əhəmiyyəti olmalıdır. Etiraf etmək lazımdır ki, zərflərin üzərində ad yazılması xəzinədarın ianə verənin həqiqətən də bəhai olub olmadığını yoxlamaq işini asanlaşdırır, lakin bəlkə də, məsələ tək bunda deyildir. Yəqin ki, öz adımızı zərfin üzərində yazmağın sirrlərindən biri ondan ibarətdir ki, bu əmələ özümüz üçün də əhəmiyyət əlavə edək - öz Tanrımızla daha şəxsi, əhəmiyyətli qarşılıqlı əlaqə yaradaq.

 

Bəhai mərkəzlərində Fond qutularının yerləşdirilməsi üçün heç bir tələb yoxdur; bununla belə, Fonda ianələr üçün qutuların möhtərəm bir yerdə və xəzinədarın nəzarəti altında yerləşdirilməsinin icmanın inkişafı üçün məqsədəuyğun olub olmadığına hər bir Ruhani Məhfil özü qərar vermək hüququna malikdir. Bu cür hallarda Fond qutusunun üzərinə ianənin necə verilməsi barədə dəqiq təlimat yerləşdirilməlidir; biz ona əməl etdikdə, öz ianəmizin müqəddəsliyini dərk edə və qiymətləndirə bilərik. Biz öz ianəmizə “nəzir qutusu” kimi deyil, “nəzir ianəsi” kimi yanaşa bilərik.

 

Hətta biz ianəni düzgün münasibətlə verdiyimiz zaman meydana çıxa biləcək digər bir əngəl bizim utancımızdır. Allah mənim ianələrim barədə açıq-aydın xəbərdar olduğu halda, nəyə görə öz adımı zərfin üzərində göstərməkdən çəkindiyimə mən heç vaxt izah tapa bilməmişəm. O, buyurur: “Heç nə Mənim elmimdən qaça bilməz”. Lakin, əgər özümlə tam səmimi olsam, mən səbəbi müəyyən edə bilərəm - mənim zərfin üzərində heç vaxt adımı göstərməməyimin səbəbi ianələrimin kiçik məbləğidir. Düşünürəm ki, mən xəzinədarın mənim az miqdarda ianə verməyimdən xəbər tutmasından narahat olmuşam. Təbii ki, bu, əngəl olmamalıdır; lakin, mən öz ruhani səyahətimdən keçdiyim zaman vicdanım mənim həqiqətən də sxəavətli və fədakar olub olmadığımı başa düşməyimə kömək etmişdir. Bu dünyada heç kim heç bir zaman bəhaiyə nə qədər vermək lazım olduğunu söyləyə bilməz. Hətta valideynlər də öz uşaqlarını bu barədə təlimatlandıra bilməzlər, burada ən gözəl istiqamətverici bizim öz vicdanımızdır. 

Göylərdə və ya yerdə yaradılanlardan heç nə Mənim elmimdən qaça bilməz və Mən tək Haqqam və qeybdəki şeyləri Bilənəm.

Həzrət Bəhaullah

 

Hətta öz şəxsiyyətimi xəzinədardan gizlədə bilsəm də, mən başa düşürdüm ki, bunu Hər şeyi bilən Allahdan heç vaxt gizlədə bilməzdim. Mən Bəhai Dünya Mərkəzinə ziyarətə getdiyim zaman, alnımı Həzrət Bəhaullahın İbadətgahının Ən Müqəddəs Astanasına qoymaq şərəfi mənə nəsib olmuşdu. Mənə məlum oldu ki, İbadətgahın baxıcısı hər səhər tezdən qalxır ki, təzə qızılgüllərdən buketlər hazırlasın və zəvvarların başlarını əydikləri Astanaya qızılgül ləçəkləri düzsün. Qızılgül ləçəklərinin ətri valehedici idi, bəzən isə zəvvarlara onları özləri ilə evə aparmaq istəyirdilər; bəzən İbadətgahın baxıcısı zəvvarlar qurudulmuş ləçəklər verirdi ki, onlar bunu öz dua kitablarının arasına qoya bilsinlər.

 

Bir gün yeni evlənənlər İbadətgahı ziyarət edir və nigahda xeyir-dua istəmək üçün astanada birlikdə başlarını əyməyi qərara alırlar. Qadın gözləri yumulu halda dərin dualara qərq oldğu halda, kişi gözəl qızılgül ləçəkləri görür və öz Yaradanına tam itaət və sevgi ilə dua kitabının arasına bir neçə ləçək qoymağa başlayır. Arvadı gözlərini açanda görür ki, onun əri Ən Müqəddəs Astanadan qızılgül ləçəklərini götürür, o, ərini bir baxışla “süzür”. Əri tərəddüd etmədən qızılgül ləçəklərini nəzakətlə geri qoymağa başlayır. O, öz səhvini başa düşmüşdür. İnsan olaraq, biz inanırıq ki, əgər heç kim bizi görə bilmirsə, demək biz öz şəxsiyyətimizi uğurla gizlədə bilmişik, nəzir qutuları da müəyyən mənada bizim şəxsiyyətimizi gizlədir. 

Bütün bəxşişlər və ianələr Ruhani Məhfilin Xəzinədarına verilməlidir ...

Həzrət Şövqi Əfəndi

Göylərdə və ya yerdə yaradılanlardan heç nə Mənim elmimdən qaça bilməz və Mən tək Haqqam və qeybdəki şeyləri Bilənəm.

—Həzrət Bəhaullah

 

Allah qorxusu (xofu) dünyanın bütün insanları üçün həmişə etibarlı müdafiə və güvənli qala olmuşdur. Bu, bəşəriyyətin hifzi üçün əsas səbəb və onun qorunması üçün ali vasitədir. Həqiqətən, insanda elə bir qabiliyyət vardır ki, onu dəyərsiz və layiqsiz olan şeylərdən çəkindirir və qoruyur və bu həya hissi kimi məlumdur.

Həzrət Bəhaullah

 

“Çağlayan Çeşmə”nin nöövbəti buraxılışı bizim şəxsi həyatımızın, emosiyalarımızın, intellektualizmimizin və mədəniyyətimizin bəhai fondunda iştirak üçün psixoloji əngəl yaradan digər cəhətlərini nəzərdən keçirəcəkdir. 

 

Səyahət davam edir...

Növbəti bölüm: Ənənələr....

bottom of page